Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şərqdə yerləşir. Neft Daşları dünyada ilk neft platforması hesab edilir. Burada tikinti işləri 1951-ci ildən başlanmışdır.
1949-cu ildə Xəzərin “Qara daşlar” adlandırılan yerində yeddi gəmi “oturduldu”. Müəyyən müddət ərzində gəmilər arasında taxtadan ilk körpülər salındı və burada evlər tikildi. İlk neft quyusunun qazılması üçün meydança da hazırlandı. 7 noyabr 1949-cu ildə neftçi briqadir Mixail Kaveroçkinin başçılığı altında qazılan buruq fontan vurdu, dünyada açıq dənizdə ilk dəfə neft çıxarıldı. Burada neft buruqları ucaldıldı və vaxtilə gəmiçilik üçün böyük təhlükə olan “Qara daşlar” həmin gündən adını dəyişib Neft Daşları adlandırıldı.
Bir neçə ildən sonra “Neft Daşları” yatağında polad dirəklər üzərində yeni qəsəbənin bünövrəsi qoyuldu. [Məmmədov A.B. Qədim və indiki Abşerona səyahət. Bakı-2006]
Neft Daşlarına sərnişin və yükdaşıma ilk illərdə yalnız gəmilərlə həyata keçirilmişdir. 20 iyun 1960-cı ildə Neft Daşlarına ilk vertolyot uçuşu reysi həyata keçirilmişdir.
Lakin fırtınalı günlərdə tanker gəmilərində çənlər aşırdı, neft dənizə axırdı. Dəniz neftçiləri tərəfindən sualtı neft kəməri çəkilməsi təklif edilir və bu fikir hökumət tərəfindən dəstəklənir. 1980-ci illərin əvvəllərində Neft Daşlarından Dübəndi yaşayış məntəqəsinə sualtı neft boru kəməri çəkilir. Bu, neftin sahilə daşınması problemini həll edir. [Azərbaycan neft və qaz tarixindən maraqlı faktlar. Bakı-2012]
Bu gün Neft Daşları dünyada açıq dənizdə yeganə “şəhər-qala”ya çevrilmişdir. Estakadalarda Bakı neft texnikumunun filialı, xeyli səhiyyə, ticarət müəssisələri fəaliyyət göstərir.
Neft daşlarında bir çox dəniz neftçiləri, Sosialist Əməyi Qəhrəmanları fəaliyyət göstərib: Qurban Abbasov, Akif Cəfərov, Bəxtiyar Məmmədov, Yusif Kərimov, İsrafil Hüseynov, Xanoğlan Bayramov, Məmməd Qəmbərov və başqaları. [http://pirallahi-ih.gov.az/page/54.html]
Neft daşları haqqında şeirlər yazılmış, mahnılar qoşulmuş, kinofilmlər çəkilmişdir. 1999-cu ildə Ceyms Bondun sərgüzəştləri silsiləsindən olan “Dünya kifayət deyil” filminin bəzi kadrları Neft Daşlarında lentə alınmışdır.