Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusu Azadlıq prospekti 20-də yerləşir. Vaxtilə bu müəssisə SSRİ-nin yüksək səviyyədə təhsil verən nüfuzlu universitetlərindən biri idi. Anqolanın keçmiş Prezidenti Joze Eduardu duş Santuş, dünyanın bir sıra alimləri və tanınmış adamları oranın məzunları olmuşlar.
Universitetin tarixi 1888-ci ildən başlayır. Həmin il Bakıda şəhər peşə məktəbi açılmışdır. Şəhərdə neft bumu zamanı texniki kadrlara ehtiyac artır və bu səbəbdən 1896-cı ildə məktəb “Bakı aşağı səviyyəli texniki məktəbə” çevrilir. Bu müəssisə Balaxanskaya və Tatarskaya (sonralar Füzuli və Topçubaşov) küçələrinin kəsişməsində yerləşən binada fəaliyyət göstərirdi. [https://azerhistory.com/?p=10082]
1898-ci ildə Bakı Şəhər Duması dəmiryol vağzalı yaxınlığında məktəb üçün bina tikməyə qərar verir. Mühəndis İ.V.Qoslavskinin layihəsinə əsasən, ikimərtəbəli məktəb binası 1900-cu ildə inşa olunur. Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti hesabına bina o dövrün müasir sinif otaqları, laboratoriyalar və alətlərlə təchiz edilir. 1901-ci ildə məktəb “aşağı səviyyəli mexaniki-tikinti məktəbi” statusunu, 1918-ci ildə isə politexnikum adını alır. [Fətullayev Ş.S. Bakı memarları XIX əsrin sonu – XX əsrin əvvəlində. Bakı-2013]
12 dekabr 1920-ci ildə Xalq Maarif Komissarlığı Bakı Politexnik İnstitutunun yaradılması ilə bağlı dekret qəbul edir. 1921-ci ilin yanvarında institut fəaliyyət göstərməyə başlayır. Bu, Cənubi Qafqazda ilk texniki universitet və SSRİ-də ilk neft institutu idi. 1923-cü ildən müəssisə “M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu” adlandırılır.
29 may 1930-cu ildə institutun adı dəyişdirilir və Bakı (1928-ci ildən Azərbaycan) Neft İnstitutu, 1934-cü ildə Sənaye İnstitutu adlandırılır. Həmin illərdə müəssisə əhəmiyyətinə görə SSRİ-də qabaqcıl ali təhsil ocaqlarından birinə çevrilir. 1930-cu ildə institut respublikanın, 1940-cı ildə isə SSRİ-nin Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilir. [Большая советская энциклопедия. Москва-1969-1986]
1952-ci ildə institutun İnşaat-Memarlıq, Nəqliyyat, Mexanika fakültələrinin bazasında Azərbaycan Politexnik İnstitutu yaradılıb. Beləliklə, institut yenidən, əsasən, neft sənayesi üçün mütəxəssislər hazırlayan ali təhsil müəssisəsinə çevrilib və “M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu” adlandırılıb.
1965-1967-ci illərdə indiki Dilarə Əliyeva küçəsində institutun yeni korpusu tikilib. [Азербайджанский индустриальный институт (АЗИИ) - АГНА. Баку — OurBaku]
Müstəqillik dövründə təhsil ocağı Azərbaycan Dövlət Neft Akademiyası kimi fəaliyyət göstərməyə başlayıb. 2015-ci ildə müəssisə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.
2014-cü ildə müəssisənin rəhbərliyi altında Bakıda Azərbaycan-Fransız Universiteti yaradılıb və 2016-cı ildən fəaliyyət göstərir.