Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə Bakıda anadan olmuşdur. 1949-cu ildə Moskvada - Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsinə daxil olur.
1955-ci ildə oranı bitirən boyakar Bakıya qayıdır və "Azərbaycanfilm"də yaradıcı fəaliyyətinə başlayır. 20-yə qədər filmdə quruluşçu rəssam kimi çıxış edir.
Onun Azərbaycan təsviri sənətinin və kinematoqrafiyanın inkişafına saysız xidmətləri olub.
Məmmədağa Hüseynov bir çox bədii filmə tərtibat vermişdir. Onlardan “Səhər “, ”Bir məhəllədən iki nəfər ”, ”Ögey ana”, "Böyük dayaq", "Bizim Cəbiş müəllim”, ”Sehrli xalat”, ”Əhməd hardadır?”, "Nəsimi" və s. kimi filmlər ona böyük şöhrət gətirmişdir.
Rəssam yaradıcılıq təcrübəsini gənc nəslə öyrətmiş, özü də rəngkarlıqla məşğul olaraq, çoxsaylı əsərlər yaratmışdır. Onun əsərləri beynəlxalq, ümumittifaq və respublika sərgilərində uğurlu nümayiş etdirilmişdir.
Məmmədağa Hüseynov 1976-cı ildə Azərbaycan SSR əməkdar rəssamı, 2000-ci ildə isə Azərbaycan Respublikasının xalq rəssamı adına layiq görülmüşdür.
Xalq rəssamı 2002-ci il 20 yanvar tarixində dünyasını dəyişmişdir.