Rasim Rza oğlu İsmayılov 13 iyul 1936-cı ildə Bakıda anadan olub.
O, 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlayıb. 1958-1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində, görkəmli operator Boris Volçekinin kursunda təhsil alıb. İsmayılov təhsilini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb. [Кино: Энциклопедический словарь. Москва-1987]
Rasim İsmayılov 1963-1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. Quruluşçu operator kimi 20 bədii, 10 sənədli film çəkib, rejissor kimi isə 7 bədii filmə quruluş verib.
İsmayılovun müxtəlif illərdə lentə aldığı "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Gün keçdi", "Dədə Qorqud" kimi ekran əsərləri ona şöhrət gətirir. 1979-cu ildə Rasim İsmayılov kinorejissor Eldar Quliyevdən "Babək" filminə dəvət alır. Çəkilişləri uğurla başa çatan "Babək" keçmiş SSRİ Dövlət Kinematoqrafiyasında birinci kateqoriyaya layiq görülür. Filmə bir il ərzində 60-a yaxın ölkənin ekranlarında 35 milyon tamaşaçı baxır.
Rasim İsmayılov, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, "Mozalan" satirik kinojurnalı ilə rejissor və ssenarist kimi əməkdaşlıq edib. Operator uşaqlar üçün nağılların müəllifidir. "Uçan çinarlar" kitabı ölümündən sonra nəşr olunub. [http://www.anl.az/down/meqale/xalqqazeti/2017/iyul/550054.htm]
İsmayılov "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adına və Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
Rasim İsmayılov 5 may 2004-cü ildə vəfat edib. [Rasim Rza oğlu Ismayılov (Nekroloq). //Xalq qəzeti..-2004.- 5 may. - S. 7.]