İlaxır çərşənbələrdən üçüncüsü xalq arasında “yel çərşənbəsi”, yaxud “küləkli çərşənbə” kimi tanınır. Bu dövrdə əsən külək torpağa can verir, suyu, odu hərəkətə gətirir.
Bu çərşənbənin qeyd olunması qədimdə zərdüştilərin küləyi müqəddəs sayması, onu tanrı hesab etməsi ilə bağlıdır. Azərbaycan mifologiyasında da yel xeyirxahdır. O, yol göstərir, bələdçilik edir, yolunu itirmiş insanları mənzil başına çatdırır.
Boz ayın digər çərşənbələrində olduğu kimi, Yel çərşənbəsində də insanlar tonqallar qalayır, üzərindən tullanırlar. Qədim Bakının adətlərinə görə, Novruza iki həftə qalmış hər kəs evini yığışdırar, otaqları səliqəyə salar, ili təmizlik içində də qarşılaması üçün işlər görərmüş. Varlı, tacir və alverçilərin hazırlığı daha geniş olardı. Onlar bayrama xüsusi şəkərçörəyi, badamçörəyi, paxlava və sair bu kimi şirniyyatlar bişirib hazırlardılar. Belə şirniyyat bişirməyə imkanı olmayanlar bayramı sadəcə xuşgəbarla (quru meyvə) keçirərdilər.
Mənbələr: