Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı qəsəbəsində anadan olub.
Gənc yaşlarından rəsmə, musiqiyə həvəs göstərən Mehdi məktəbi bitirdikdən sonra təhsilini Bakı rəssamlıq texnikumunda davam etdirib. O, axşamlar idarələrdən, kitabxanalardan, nəşriyyatlardan plakatlar çəkmək, şüarlar yazmaq kimi sifarişlər alaraq, onları icra edirdi. 1937-ci ildə Mehdi Leninqrad Xarici Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olub. 4-cü kursda oxuyanda o, təhsilini Bakıda davam etdirmək üçün Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsinin 2-ci kursuna keçirilib. [Гусейнов А.А. Герои Советского Союза. Баку-2017] [Nəzirli Ş.Ə. Əfsanəvi Mixaylo. Bakı-2013]
1941-ci ildə alman faşistlərinin Sovet İttifaqına hücumu başlayanda Mehdi könüllü olaraq cəbhəyə yollanır. 1942-ci ildə qvardiya leytenantı Mehdi Hüseynzadə Stalinqrad cəbhəsinə göndərilir, Kalaç rayonunda vuruşur. Həmin döyüşlərdə ağır yaralanır və əsir alınır. 1943-cü ildə Mehdi düşmənlərdən qaçaraq İtalyan-Yuqoslav 9-cu partizan korpusuna qoşulur. Burada o, kəşfiyyatçı kimi fəaliyyət göstərir və “Mixaylo” ləqəbi ilə tanınır. Mehdi Hüseynzadənin kəşfiyyat fəaliyyəti nəticəsində əksəriyyəti zabit olmaqla 1000-ə qədər faşist öldürülüb. Mixaylonun tutulması və ölümü üçün alman komandanlığı 400 min marka məbləğində mükafat vəd etmişdi.
[Nəzirli Ş.Ə. Əfsanəvi Mixaylo. Bakı-2013] [https://mod.gov.az/az/pre/23446.html]
Hüseynzadənin başçılığı ilə partizanların İtaliyanın Udine şəhərindəki həbsxanasına hücumu nəticəsində 700 hərbi əsir, o cümlədən 147 sovet əsgər və zabiti azad edilmişdir.
2 (16) noyabr 1944-cü ildə, əməliyyatdan sonra geri qayıdan Mixaylo düşmənlə üz-üzə gəlir, qeyri-bərabər döyüşdə həlak olur. O, Sloveniya ərazisində yerləşən Çepovani kəndində dəfn edilib. 1957-ci ildə Mehdi Hüseynzadəyə “Sovet İttifaqı Qəhrəmanı” adı verilib. [Azərbaycan Sovet Ensiklopediyası X Cild. Bakı-1987]