İslam dinində Qurban bayramı “Eyd əl-Kəbir”(böyük bayram) adlanır. Bayram hər il zilhiccə ayının (hicri təqviminin 12-ci ayı) 10-cu günündən başlayır və adətən, üç gün davam edir. Bu bayramın əsasında xeyirxahlıq, Allaha inam və sevgi durur.
Qurban bayramı İbrahim Peyğəmbərin öz oğlu İsmayılı Allah yolunda qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Deyilənə görə, Allah İbrahim Peyğəmbərin sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir. İbrahim Peyğəmbər gözünü qırpmadan oğlunu qurban vermək istəyərkən Allah onu saxlayır, ondan razı qaldığını bildirir. O, İbrahimə oğlu İsmayılın əvəzinə göndərdiyi qoyunu kəsməyi təklif edir.
Bu andan etibarən müsəlmanlar hər il ev heyvanlarından birini kəsib, bu yolla Allaha öz sadiqliyini bildirirlər. Qurban bayramının əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini imkansızlarla bölüşməkdir.
Müqəddəs bayramlardan sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Bayram günü məscidlərdə bayram namazı qılınır, vəfat etmiş yaxınların xatirəsi yad edilir, ehsan verilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildən Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.