Rauf Soltan oğlu Hacıyev 15 may 1922-ci ildə Bakıda anadan olub. Anası Nənəxanım bütün ömrünü Zərdabda yaşayıb və oğlunu kiçik yaşlarından əmisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikovanın himayəsinə verib. Üç yaşınadək Raufun gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb.
İlk təhsilini Rauf orta ixtisas musiqi məktəbinin fortepiano sinfində alır. O, məktəb illərində “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” kimi əsərləri yazır. Üzeyir Hacıbəyov Raufun fortepiano üçün pyeslərini dinlədikdən sonra onun istedadını yüksək qiymətləndirir. Bəstəkar il yarım onunla məşğul olandan sonra Rauf “Samur”, “Mingəçevir”, “Gənclik marşı” əsərlərini bəstələyir. “Gənclik marşı” respublika gənclər festivalında birinci mükafata layiq görülür.
Böyük Vətən müharibəsi illərində Hacıyev könüllü olaraq cəbhəyə gedir. O, 402-ci atıcı diviziyasında vuruşur, yaralanandan sonra ordudan tərxis olunur. [Abasova E.Ə. Rauf Hacıyev. Bakı-1967]
Hacıyev 1948-1949-cu illərdə Moskva konservatoriyasında təhsil alıb, 1953-cü ildə Azərbaycan konservatoriyasını bitirib. [Большая советская энциклопедия. Москва-1969]
Rauf Hacıyevin yazdığı bir çox mahnılar məşhurluq qazanıb. Onların sırasında: “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və s.var. Bəstəkar, həmçinin 15-ə qədər filmə musiqi yazmışdır: “Əhməd hardadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s.
Rauf Hacıyev 7 operettanın müəllifidir. Onlardan 5-i Moskva Dövlət operetta teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” əsəridir. Bu əsər SSRİ bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülmüşdür.
Operetta janrında çalışmaqla yanaşı, Hacıyev opera və baletlər də bəstələmişdir. 1969-cu ildə “Ləzgihəngi” baleti Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksemburq və Monakoda göstərilmiş və tamaşaçıların rəğbətini qazanmışdır.
Hacıyev 1964-cü ildə Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-1971-ci illərdə isə respublikanın Mədəniyyət Naziri vəzifələrində çalışıb. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb. [Zöhrabov R.F. Rauf Hacıyev. Bakı-1993]
1971-ci ildə Hacıyev Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Hacıyev Əlcəzair Milli Konservatoriyasında və Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışmışdır. [Flora Xəlilzadə. Nəhəng əsərlərin ölməzliyində əbədiləşən ömür/ Kaspi 2016. 14-16 may. S.7]
Rauf Hacıyev 19 sentyabr 1995-ci ildə Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.