5 fevral bəstəkar Qara Qarayevin doğum günüdür. O, 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Q.Qarayev 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, Azərbaycan xalq musiqisinin əsaslarından Ü.Hacıbəylinin, bəstəkarlıqdan isə L.Rudolfun sinfində təhsil almışdır.
O, 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. 1946-cı ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə D.Şostakoviçin sinfini bitirmişdir.
1941-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini, 1948-ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.
1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının rektoru, 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü, 1955-1976-cı illərdə SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Akademik Qara Qarayev 13 may 1982-ci ildə vəfat etmişdir.