İqor Rauf oğlu Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. O, Azərbaycanın məşhur Aşurbəyli nəslinin davamçısıdır.
1980-ci ildə İqor Bakıdakı 27 nömrəli orta məktəbi qızıl medalla bitirib və indiki ADNSU-ya qəbul olub. 1988-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olub və bir sıra şirkətlər yaradıb. 1989-cu ildə o, SSRİ Rəyasət Heyətinin üzvü seçilib. Bundan əlavə, 1994-cü ildə İqor “Almaz” şirkətinin baş direktorunun müavini, 1998-ci ildə isə ilk sədri, 2000-ci ildə şirkətin icraçı direktoru seçilib. [Ашурбейли Игорь Рауфович | Совет по внешней и оборонной политике (svop.ru)]
Məhz onun direktor olduğu “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan “S-300” və “S-400” raketdən müdafiə sistemlərinin istehsalı ilə məşhurdur. “S-300” kompleksləri Rusiyadan başqa, 18 ölkənin, o cümlədən Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin silah ehtiyatında mövcuddur.
İqor Aşurbəyli texnika elmləri doktoru, A.Proxorov adına Mühəndis Elmləri Akademiyasının və Hərbi Elmlər Akademiyasının həqiqi üzvüdür, yüzdən artıq elmi əsərin, bir ensiklopediyanın və iki monoqrafiyanın müəllifidir. Onun elmi nailiyyətləri Rusiya Federasiyasında müxtəlif orden, medal və fəxri titullarla mükafatlandırılıb. Aşurbəyli 2009-cu ildə Rusiyada “İlin adamı” mükafatına layiq görülüb. [İmanquliyev B. Kosmik dövlət qurulmasına töhfə verən azərbaycanlı. Azərbaycan.- 2018.- 28 oktyabr.- S.5.]
Alim 2013-cü ildə Vyanada Beynəlxalq Aerokosmik Tədqiqatlar Mərkəzini təsis edib. Bu mərkəzin fəaliyyəti sayəsində Yer planetində ilk kosmik dövlət yaradılıb. 2018-ci ildə o, yaratdığı “Asqardiya” adlanan kosmik dövlətin vətəndaşlığını qəbul edir və başcısı seçilir. [https://ednews.net/az/news/sience/296765-kosmik-dovlet-yaradan-azerbaycanli#.Wzs7wMAWOA0.facebook]
Asqardiyanın Yerdə heç bir ərazisinin olmamasına baxmayaraq, artıq onun bir milyondan çox vətəndaşı var. Asqardiyanın öz konstitusiyası, bayrağı və himni yaradılıb. Dövlət öz iqtisadiyyatının formalaşması üçün yeni kriptovalyuta - SOLAR-dan istifadə edir. Aşurbəyli bildirir ki, onların planı ölkəni müstəqil etməkdir. Həmçinin bu dövlətin nümayəndələrinin aşağı yerətrafı orbitdə yaşayış məskənlərinin istifadəyə verilməsi və Ayda qəsəbənin salınması planları mövcuddur. [https://asgardia.space/en/]