Çingiz Mustafayev 29 avqust 1960-cı ildə Rusiyanın Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində, hərbçi ailəsində anadan olub.
O, 1964-cü ildə ailəsi ilə Bakıya köçüb. Mustafayev 1977-ci ildə Yasamal rayonundakı 167 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olub. Çingiz 1983-cü ildən Dəvəçi rayonunda, bir müddət keçdikdə isə Bakıda həkim işləyib.
Onun həkim olmasına baxmayaraq, jurnalistika sənətinə marağı olub. Bu, özünü 1990-cı ilin yanvar hadisələrində büruzə verib. Həmin zaman Çingiz Mustafayev sovet hakimiyyətinin Bakıda törətdiyi qırğınları lentə alıb.
Mustafayev 1991-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri şirkətində reportyor kimi çalışmağa başlayıb. O, müharibədən məlumat verən telequrum - “215 KL” studiyasının yaradıcısı olub. [Vugar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları. Bakı-2005.]
Qarabağ müharibəsi başlayandan sonra cəbhə bölgələrinə yollanan Çingiz döyüş gedən bütün rayonlardan xəbərlər və reportajlar hazırlayaraq, Azərbaycanla bağlı bütün həqiqətləri dünyaya çatdırıb. Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, Xocalı faciəsi zamanı ermənilərin vəhşiliklrini əks etdirən kadrları lentə ala bilib. [http://xeberpress.az/azerbaycan/21858-shehid-chingiz-mustafayev-veteni-temennasiz-sevirdi.html] [https://modern.az/articles/27970/1/]
Çingiz Mustafayev 15 iyun 1992-ci ildə Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. Daha sonra Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. 6 noyabr 1992-ci ildə Çingiz Mustafayev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Vaxtilə Bakıda yaşadığı binanın önündə Mustafayevin barelyefi vurulub. Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır. 1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. 31 avqust 2011-ci ildə Almaniyada 3 min nüsxə ilə onun təsviri olan poçt markası buraxılıb. [https://respublika-news.az/news/cingiz-mustafayev]