16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclasında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib. Bu bayramın yaranmasının məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla əlaqələr qurmaq və birlik yaratmaq idi.
31 dekabr tarixinin bayram günü kimi qeyd edilməsi ideyası 1989-cu ilin həmin günündə SSRİ və İran arasında olan və Araz çayı boyunca gedən sərhədlərin sökülməsi, bununla da Şimali və Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın qovuşması ilə bağlı yaranıb.
2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı Bakıda keçirilmişdir. Qurultay nümayəndələrinin təklifləri nəzərə alınaraq, diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün İndiki Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Dünya Azərbaycanlılarının Qurultayı, əsasən, Bakıda keçirilirdi, lakin sonuncu Qurultay 2022-ci ildə Şuşada baş tutub.