Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəkidə fəhlə ailəsində anadan olub.
O, ilk təhsilini Şəkidə alıb, sonra Bakıya köçüb və təhsilini burada davam etdirib. Vahabzadə 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Təhsil aldığı vaxtlarda o, yazıçı-alim Mir Cəlal Paşayevin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. Vahabzadənin ilk mətbu əsəri "Ədəbiyyat qəzeti"ndə 1943-cü ildə dərc olunmuş "Ana və portret" şeiridir. 1945-ci ildə şair Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilib.
Vahabzadə 70-dən çox şeir toplusunun və 11 elmi-publisist kitabın, 2 monoqrafiyanın, yüzlərlə məqalənin, həmçinin tarixi və müasir mövzuda 20-dən çox irihəcmli poemanın müəllifidir. Onun əsərləri ingilis, fransız, alman dillərinə tərcümə edilib. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub.
Bundan əlavə, şair 1964-cü ildə filologiya elmləri doktoru alimlik dərəcəsini alıb və 40 ildən çox Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2000-ci ildən isə AMEA-nın həqiqi üzvü seçilib.
Vahabzadə AzSSR Əməkdar incəsənət xadimi, Xalq şairi, AzSSR və SSRİ Dövlət Mükafatı laureatı adlarına layiq görülüb. 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib.
Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə vəfat edib və Bakının Birinci Fəxri xiyabanında dəfn olunub.