Eldar Mansurov 28 fevral 1952-ci ildə Bakıda, tarzən Bəhram Mansurovun ailəsində anadan olub.
O, musiqi məktəbini bitirdikdən sonra A.Zeynallı adına Bakı Musiqi Məktəbinin fortepiano bölməsinə qəbul olunub. Mansurov 1974-1979-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində, Cövdət Hacıyevin sinfində təhsil alıb.
Mansurov 1969-1971-ci illərdə “Eksperiment OK” kimi dövrün məşhur rok qruplarında klaviaturada ifa edib, Azərbaycanın müxtəlif musiqi forumlarında və rok festivallarında iştirak edib. Mansurov uzun müddət musiqi məktəblərində və ali təhsil ocaqlarında musiqi müəllimi işləyib. Bununla yanaşı, o, “BMTİ” və “Lider” telekanallarında musiqi redaktoru vəzifəsində də çalışıb. Mansurov Dövlət Televiziya və Radio Komitəsində musiqi şöbəsinə rəhbərlik edib, sonra Dövlət Səsyazma Evində səs rejissoru işləyib.
Mansurovun əsərləri bir çox kino və teatr tamaşalarında istifadə olunub. Onların sırasına, həmçinin “Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” baletləri, beş simfoniya, iki simfonik poema, “Mahur-Hindi” simfonik muğamı və s. daxildir. Mansurovun son əsərlərindən biri olan “Bəhramnamə” atası Bəhram Mansurova həsr olunub və ilk gündən məşhurlaşıb.
Onun bəstələdiyi mahnılar təkcə öz ölkəsində deyil, xaricdə də məşhurdur. Bəstəkarın ilk dəfə Brilliant Dadaşova tərəfindən ifa edilən “Bayatılar” mahnısına müxtəlif ölkələrin ifaçıları müraciət ediblər. Hətta dünyaca məşhur “Esena Mono” və “Stereo love” mahnılarında “Bayatılar”ın musiqisindən istifadə olunub.
Mansurov uzun illər Azərbaycan muğamlarının tarixi ilə bağlı araşdırma aparıb. O, iki dəfə - 1983 və 1987-ci illərdə Səmərqənddə keçirilən beynəlxalq simpoziumlarda bu mövzu ilə iştirak edib. Onun muğam tarixinə dair tədqiqatları Azərbaycanda, Fransada, Almaniyada və Rusiyada bir neçə dəfə nəşr edilmişdir.
Mansurov 1981-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Kinematoqraflar İttifaqının üzvü olub. 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb.
Bəstəkar “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” fəxri adlarına və “Şöhrət” ordeninə layiq görülüb.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/wp-content/uploads/2023/02/sequence-01_6.mp4"][/video]