Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 12 noyabr 1995-ci il tarixli referendumda qəbul olunub. 6 fevral 1996-cı ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə həmin gün, yəni 12 Noyabr - Konstitusiya Günü təsis edilib. Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.
18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib. 1991-ci il Konstitusiya Aktının yekun müddəalarının tələbləri yeni Konstitusiyanın tez bir zamanda qəbul olunmasının zərurətini yaratmışdır. Yeni Konstitusiyanın hazırlanması məqsədilə 1991-ci və 1993-cü illərdə komissiyalar təşkil edilsə də, bu, heç bir nəticəyə gətirməmişdir.
2 may 1995-ci ildə Milli Məclisin qərarına əsasən, Prezident Heydər Əliyevin rəhbərliyi ilə komissiya yaradılmışdı. Müstəqil Azərbaycan dövlətinin Konstitusiya əsasları 1995-ci il 12 noyabr tarixli referendumda qəbul olunmuş və həmin il noyabrın 27-dən qüvvəyə minmişdir.
2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.