10 mart 1873-cü ildə Bakı real məktəbinin teatr həvəskarları truppası tərəfindən yazıçı Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilmişdir. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulmuşdur.
Tamaşa “Bakı İctimai Məclisi”nin binasında (indiki Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi) səhnəyə qoyulmuşdur. Bu tamaşa maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, yazıçı Nəcəf bəy Vəzirov və Əsgər ağa Goraninin yaxından iştirakı ilə ərsəyə gəlmişdir. İlk tamaşa zamanı yığılan pul xeyriyyə məqsədilə yoxsul şagirdlərə paylanmışdır.
Deyilənə görə, Axundovun özü bu xəbəri “Qafqaz” qəzetindən öyrənir və Həsən bəy Zərdabiyə göndərdiyi məktubunda belə yazır: “Mən artıq qocalmışam və ölümümü gözləyirdim, lakin bu xəbər mənim ömrümü 10 il daha uzatdı”.