Albert Aqarunoviç Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.
O, Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkkizinci sinfini bitirib, peşə məktəbinə sürücü-mexanik ixtisasına daxil olub. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə başlayıb və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıya dönüb, Suraxanıda maşınqayırma zavodunda çalışıb.
Qarabağ müharibəsi başlayarkən Albert könüllü cəbhəyə yollanır. Bundan sonra o, tank komandiri təyin edilir və Şuşa cəbhəsinə göndərilir. Onun tank ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanır. Tankçı Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənin canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb. Ermənilər Albertin başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
8 may 1992-ci ildə Şuşaya ilk girməyə cəhd edən erməni tankı Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Erməni tankının komandiri, sürücü-mexaniki və atıcı-artilleristi maşının kabinəsində məhv edilir. Ermənilər Qarabağ müharibəsindən sonra bu tankı bərpa edib, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.
Albert Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib. 7 iyun 1992-ci ildə Albert Aqarunov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə Albert Aqarunovun adını daşıyır. Həmçinin məktəbin önündə büstü və Nərimanov rayonunda heykəli qoyulub. Albert Aqarunovun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsi yerləşdirilib.