Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda - İçərişəhərdə anadan olub.
Vaqif Mustafazadə Azərbaycan caz-muğam musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin-muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Vaqif Mustafazadə SSRİ-də əməkdar artist adını qazanan ilk caz ifaçısı idi.
1963-cü ildə Vaqif Asəf Zeynallı adına Musiqi Kollecini bitirib, indiki Bakı Musiqili Akademiyasına daxil olur. O, Bakıda kiçik konsertlər verir, klublarda çıxış edir. Mustafazadə, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edir. [Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı-2007]
Vaqif Mustafazadə 1964-cü ildən bir sıra instrumental ansambllarını yaradıb, onlara rəhbərlik etmişdir: "Qafqaz" caz üçlüyü, "Leyli" (1970), "Sevil" (1971) qadın ansamblları və "Muğam" (1977).
Musiqiçi beynəlxalq caz müsabiqələrinin və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olmuşdur. 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalı idi. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən Vaqifin adı çəkilir. O, Monako caz festivalından Bakıya "Ağ royal" mükafatı ilə qayıdır. [Azərbaycan muğam caz hərəkatının memarı. Səs.- 2010.- 16 mart.- S. 12.]
Vaqif Mustafazadəyə 1979-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adı verilib. O, 1982-ci ildə ölümündən sonra Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.
Vaqif 16 dekabr 1979-cu ildə Daşkənddə (Özbəkistan) qastrol zamanı qızı Əzizəyə bəstələdiyi "Əzizəni gözləyərkən" adlı kompozisiyasını ifa edib bitirdikdən sonra başını pianinonun dilləri üstünə endirir. Bəstəkar ürək tutmasından vəfat edir. O, Bakıda, Yasamal qəbiristanlığında dəfn olunub. [http://pia.az/amp/?id=137056]
Vaqif Mustafazadə haqqında "Caz əfsanəsi-Vaqif Mustafazadə" adlı sənədli film çəkilib. 1989-cu ildə İçərişəhərdə Vaqif Mustafazadənin ev-muzeyi yaradılıb. Vaqif Mustafazadə və qızı Əzizə Mustafazadənin adı "Ümumdünya caz ensiklopediyası" kitabına həkk olunub. Səbail rayonunda küçə, həmçinin Bakı şəhəri 2 nömrəli Uşaq İncəsənət Məktəbi Mustafazadənin adını daşıyır.