Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Həmin il Bakıya Fransada ixtira olunan sinematoqraf gətirilir və yanvarın 8-dən burada xarici filmlər göstərilməyə başlanır.
2 avqust 1898-ci ildə rejissor, Paris milli akademiyasının fotoqraf üzvü Aleksandr Mişonun çəkdiyi "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Qafqaz rəqsi" xronikal-sənədli və "İlişdin" bədii kinosüjetlərinin daxil edildiyi ayrıca proqram nümayiş edildi. Bu tarix sonradan Azərbaycan Kinosu Günü kimi qeyd olunmağa başladı.
Bu hadisə Azərbaycan kinosunun inkişafının əsasını qoydu. 1915-ci ildə "Neft və milyonlar səltənətində" adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlandı. 1916-cı ildə isə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi.
1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi. AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən isə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır. [121 yaşlı Azərbaycan kinosu//Səs. 2 avqust 2019]
O illərdə Azərbaycanda kino sahəsində milli kadrların hazırlanmasına da diqqət yetirilirdi. 1925-ci ildə "Bismillah” filminə quruluş verən Abbas Mirzə Şərifzadə Azərbaycanın birinci milli kinorejissoru oldu. İlk azərbaycanlı kinodramaturq Cəfər Cabbarlının "Hacı Qara" ssenarisini də Abbas Mirzə Şərifzadə 1928-ci ildə ekranlaşdırdı.
1935-ci ildə milli kinomuzun ilk səsli filmi - "Mavi dənizin sahilində” çəkildi. 1960-cı ildə isə rejissor Hüseyn Seyidzadənin çəkdiyi "Koroğlu" bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsi oldu. [Fərəcova Z. Ekran tariximizin ilkləri// Azərbaycan. 2019.avqust]