Həsən Səttar oğlu Turabov 24 aprel 1938-ci ildə Bakıda anadan olub. Onun əsl adı Həsən idi, sonradan yaxınları xarakterinə görə adına “ağa” sözünü əlavə ediblər. [Кино. Энциклопедический словарь. Москва-1987] [Azərbaycan Sovet Ensiklopediyası. IX Cild. Bakı-1986]
Turabov Bakıdakı 31 nömrəli məktəbdə oxuyub. O, 1960-cı ilə kimi indiki Azərbaycan İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb. Həmin ildən sənətkar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Burada Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Onların arasında Vahid (“Kəndçi qızı”), Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orlean qızı”), Kefli İsgəndər (“Ölülər”), Xəyyam (“Xəyyam”) kimi rollar olub. Aktyor 1987-2001-ci illərdə həmin teatra rəhbərlik edib. [525-ci qəzet.- 2018.-3 noyabr.- S.23] [Azərbaycan Sovet Ensiklopediyası. IX Cild. Bakı-1986] [https://sesqazeti.az/news/culture/340860.html] [Həsənağa Turabovun həyat faciəsi | Tanınmış aktyorlar və aktrisalar | Kayzen]
Həsənağa Turabov bir sıra bədii filmlərdə çəkilib. “Yeddi oğul istərəm”də Gəray bəy, "Babək"də Afşin, “Qəm pəncərəsi”ndə Cəlil Məmmədquluzadə, "Bəyin oğurlanması"nda Əsəd obrazlarını canlandırıb. [http://anl.az/el/emb/TEATR/aktyorlar/hesenaga_turabov.htm]
Turabov Azərbaycan SSR Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülüb. O, Azərbaycan SSR Dövlət mükafatı, “Şöhrət” ordeni ilə təltif edilib.
Aktyorun böyük oğlu Daşqın polis əməkdaşı idi. 1997-ci ildə tutmaq istədiyi cinayətkar ona güllə açır və o həlak olur. Bu hadisədən sonra Həsən Turabovun səhhəti pisləşir, ürəyindən əməliyyat olunur. 23 fevral 2003-cü ildə sənətkar ürək xəstəliyindən vəfat edir. Həsənağa Turabov Yasamal qəbiristanlığında, oğlunun yanında dəfn olunub. [525-ci qəzet.- 2018.-3 noyabr.- S.23]