Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilir. Bu gün Ulu öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən təsis edilib.
Türk mənşəli Azərbaycan dilinin yaranması, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olub.
Azərbaycanda Qobustan və Gəmiqaya epiqrafik abidələrində olan təsvirlər sübut edir ki, qədimdə ölkə ərazisində müxtəlif yazı növlərindən və əlifbalardan istifadə olunub. Həmçinin azərbaycanlıların ulu əcdadları hesab edilən albanların 52 hərfdən ibarət əlifbası mövcud idi.
Azərbaycan ərazisində İslam dininin yayılması ilə ərəb əlifbasından da istifadə olunub. Lakin ərəb qrafikası Azərbaycan dilinin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilmirdi, onun quruluşu və xarakteri haqqında aydın təsəvvür yaratmırdı. XIX əsrin ikinci yarısından bu çatışmazlıqlar Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaradır, lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan dili rəsmi dövlət dili elan edilir, lakin bu, 2 ildən az çəkir.
Sovet dövründə, 1 yanvar 1929-cu ildən Azərbaycanda latın qrafikalı əlifba tətbiq edilir. Bu, ölkədə savadsızlığın azalmasında rol oynayır. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet hakimiyyətini Azərbaycan əlifbasını dəyişdirməyə vadar edir. 1940-cı ildə kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olunur.
Müstəqilliyin bərpası dövründən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlandı. Yeni müstəqil əlifbaya keçməyi elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olub. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu.
Ümummilli lider Heydər Əliyevin dövründə, 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.