Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda anadan olub. [Azərbaycan Sovet Ensiklopediyası. Cild VIII. Bakı-1984]
Hüseynağa məktəbi bitirdikdən sonra teatr texnikumuna daxil olub. O, 1930-cu ildə Gənc Tamaşaçılar Teatrının truppasına sınaq müddətinə qəbul edilib. 1931-ci ildə isə Hüseynağa teatrda aktyor kimi fəaliyyətə başlayıb. [Mədəniyyət.- 2019.- 29 mart.- S.6]
Sənətkar İkinci Dünya müharibəsinin iştirakçısı olub və döyüşərək Berlinə kimi çatıb. O, iki dəfə yaralansa da, sağalaraq döyüşə qayıdıb. Göstərdiyi igidliklərə görə “Qırmızı ulduz” ordeninə və başqa medallara layiq görülüb.
Sadıqov 1946-cı ildə Bakıya qayıdır və burada 100-dən çox tamaşada müxtəlif obrazlar canlandırır. [Savalan Fərəcov. Mədəniyyət.- 2017.- 22 fevral.- S.15.] [Kaspi.-2013.-2-4 mart.-S. 22-23]
Aktyor “Telefonçu qız”, “Sehrli xalat”, “Ələddinin sehrli çırağı”, “Yeddi oğul istərəm”, “Alma almaya bənzər”, “Şərikli çörək”, “Ad günü”, “Babamızın babasının babası” kimi filmlərdə müxtəlif obrazlar yaradıb. [M. Mükərrəmoğlu. Xalq qəzeti.-2009.-14 mart.-S.8]
Hüseynağa “Qara daşlar” filmində Teymuru, “Kazbek qutusu”nda tələbə Əliyevi, “Əhməd haradadır?”da Ramizi və başqa personajları səsləndirib. Aktyor, həmçinin “Mozalan” studiyasında istehsal olunan bir çox filmlərin səsləndirilməsində iştirak edib. [Şəhla Bürcəliyeva. Mədəniyyət.- 2012.- 5 dekabr.- S. 12.]
Sadıqov 1956-cı ildə “Əməkdar artist”, 1979-cu ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. [http://kinobiz.az/celebrity/huseynaga-sadiqov/]
Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib. [Azərbaycan Sovet Ensiklopediyası. Cild VIII. Bakı-1984]