Şüvəlan qəsəbəsi Abşeron yarımadasının şərq hissəsində, Xəzər rayonunda yerləşir. [http://www.xazar-ih.gov.az/az/page/12.html]
Bəzi tədqiqatçılar güman edirlər ki, “Şüvəlan” sözü fars mənşəlidir. Sözün kökü “şüvül” uzun, düz ağac, “lan” isə məkan mənasını verir. Vaxtı ilə həmin ərazidə məhsuldar bağlar olduğuna görə, Şüvəlan “ağaclıq yer” anlamını daşıyıb. [Əzizbəyov rayonunun tarixi-memarlıq abidələri. T.Q.Səlimov-Şağani. G.A.Qurbanov. Bakı-2005]
XIX əsrin sonlarında ərazidə Bakı milyonçularının bağları yerləşib. Buna səbəb isə Şüvəlanın dənizə yaxın ərazidə yerləşməsi, burada içməli suyun və münbit torpağın olması idi.
Rus səyyahı Lerx İvanoviç 1890-cı illərdə öz səyahətnaməsində yazırdı ki, Şüvəlanda xeyli miqdarda pambıq və zəfəran yetişdirilir. 1891-ci ildə rus dilində nəşr edilən “Bakı və onun ətraf yerləri” kitabçasında qeyd olunurdu ki, “Burada elə üzüm bağları var ki, 750-1000 pud üzüm verə bilir”. [Şüvəlan. Təvəkkül Səlimov-Şağani. Bakı-2002] [Əzizbəyov rayonunun tarixi-memarlıq abidələri. T.Q.Səlimov-Şağani. G.A.Qurbanov. Bakı-2005]
Tarixən Şüvəlan ərazisində Qala sakinlərinin bağ yerləri olub. 1930-cu illərdə onlar öz bağ yerlərinə köçərək daimi yaşamağa başlayıblar. Buna səbəb isə Qala ərazisində neft sənayesinin inkişafı nəticəsində içməli su mənbələrinin çirklənməsi idi. 1930-cu illərdən Şüvəlan qəsəbə statusunu alıb. [Şüvəlan. Təvəkkül Səlimov-Şağani. Bakı-2002] [Əzizbəyov rayonunun tarixi-memarlıq abidələri. T.Q.Səlimov-Şağani. G.A.Qurbanov. Bakı-2005]
Yazıçı Seyid Hüseyn 1924-cü ildə Şüvəlanı öz məqaləsində belə təsvir edib: “Burada bəzi əski binaların və qalaların qalıqları mövcuddur ki, bunlar Şüvəlan bağlarının çox qədim zamanlardan bəri bağ və yaylaq olduğunu göstərir, orada bir kənd olmadığı halda, ətraf kəndlilərin gəlib yayda heyvan və malqaranı otarmaları mümkündür. Qoca kişilərin dediklərinə görə, Şüvəlan vaxtilə otlaq olmuşdur”. [Əzizbəyov rayonunun tarixi-memarlıq abidələri. T.Q.Səlimov-Şağani. G.A.Qurbanov. Bakı-2005]
Burada XIX əsrə aid İmarət (neft milyonçularının birinin mülkü), Mir Mövsüm Ağa ziyarətgahı, Sədrəddin Badi-Kubi məscidi kimi tarixi-memarlıq abidələri mövcuddur. [https://www.elibrary.az/docs/jurnal/jrn2020_471.pdf]
1959-cu ilə aid olan siyahıyaalınma məlumatına əsasən, Şüvəlan qəsəbəsində 11801 nəfərin yaşadığı qeyd olunub. 2020-ci ilin statistik göstəricilərinə əsasən, qəsəbənin əhalisi 19482 nəfər təşkil edib. [https://www.demoscope.ru/weekly/ssp/ussr59_reg2.php] [http://www.xazar-ih.gov.az/az/page/12.html]