Quba bazarı (meydanı) Bakıda, Milli Dram Teatrının ərazisində yerləşirdi. Bu meydan XX əsrin əvvəllərində Bakının baş meydanı sayılırdı.
Meydan 1840-cı illərdə yaranıb və o zamanlar “Poçt meydanı” adını daşıyırdı. Bu meydan buradan poçt yükləri daşındığından belə adlandırılmışdır. Sonralar meydan “Qubinskaya” adını aldı və burada bazar yarandı. Həmin ad Qubinskaya küçəsinin (indiki Zivərbəy Əhmədbəyov) meydandan başlamasına görə yaranıb. Bazar olduğuna görə isə meydanın ikinci adı “Bazarnaya” idi. [https://azerhistory.com/?p=27847]
Meydanda yerləşən karvansaraylarda müxtəlif rayon və kəndlərdən gələn tacirlərə, ziyalılara, mədəniyyət xadimlərinə, mülkədarlara rast gəlmək olardı. Meydan çoxsaylı qoçuların əsas sığınacağı hesab olunurdu. [Манаф Сулейманов. Дни минувшие. Баку-1990]
Memar Şamil Fətullayevin kitabından: “Ən hərəkətli və canlı meydanlardan biri olan Quba meydanı,əsasən, bir mərtəbəli dükanlardan ibarət idi. Burada nə firma mağazaları, nə də iri tacirlərin dükanları var idi və ticarət əhalinin kasıb təbəqəsinə yönəlirdi. Elə buna görə də şəhər hakimiyyəti meydanın tikintisini tacirlərin öz öhdəsinə buraxaraq, demək olar ki, ora diqqət yetirmirdi…və Quba meydanı şəhərin ən baxımsız ərazilərindən biri olaraq qalırdı”. [Şamil Fətullayev. Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində. Bakı-2013]
Quba meydanı XX əsrin əvvəllərinə qədər baxımsız vəziyyətdə idi və artıq ətraf rayonların əhalisinin artan tələblərinə cavab vermirdi. 1903-cü ildə meydanda kənd təsərrüfatı mallarını satan dükanlar təmizlənir və bazar abadlaşdırılır. Ticarət daha mütəşəkkil şəkildə aparılmağa başlasa da, antisanitar şərait hələ də qalırdı.
Sovet hakimiyyətinin ilk illərində meydandakı bazar fəaliyyəti dayandırıldı. Qəzalı binaların və dükanların sökülməsi də daxil olmaqla yenidənqurma işləri başladı. 1929-cu ildə burada “beşmərtəbə” adlanan bina tikildi. 1930-cu illərin əvvəllərində meydan bolqar inqilabçısı Qeorqi Dimitrovun adını aldı.
1960-cı ildə memarlar Q.Əlizadə və M.Mədətovun layihəsinə əsasən, Dimitrov meydanında Azərbaycan Dram Teatrının binası inşa olundu. 1962-ci ildə meydanda XVI əsrin şairi Məhəmməd Füzulinin abidəsi ucaldıldı. Meydanın adı dəyişdirilərək “Füzuli meydanı” oldu. [https://azerhistory.com/?p=27847]
[URIS id=36712]