Əbülqasım Hüseynzadə 25 sentyabr 1890-cı ildə Bakıda anadan olub.
İlk təhsilini altısinifli şəhər məktəbində almışdır. Sovet İttifaqından əvvəlki illərdə o, Bakı tütün fabrikində baş mühasib və başqa vəzifələrdə işləmişdir. 1920-1975-ci illərdə isə Əbülqasım Hüseynzadə müxtəlif müəssisələrdə baş mühasib olmuşdur. O, eyni zamanda qiyabi natamam ali təhsil almışdır. [Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı-1987]
Əbülqasım Hüseynzadə asudə vaxtlarında atalar sözlərini toplamaqla məşğul olur. O, 1910-cu ildə Bakıda “Səadət” məktəbində hesabdar-katib vəzifəsində işləyərkən dahi bəstəkar Üzeyir Hacıbəyli ilə görüşüb. Sənətkar onun atalar sözlərini topladığı dəftərini vərəqləyərək Əbülqasımın nəcib işini dəyərləndirir, məsləhət görür ki, bu işi davam etdirsin: “Sən xalqımızın ləl-cəvahiratını toplayırsan”. [Savalan Fərəcov. Hikmət dəryasında keçən ömür/ Mədəniyyət.- 2013.- 25 sentyabr.- S. 15.]
1926-cı ildə Hüseynzadənin "Atalar sözləri" kitabı nəşr olunub. Bu kitab Sovet hakimiyyəti illərində nəşr olunmuş ilk Azərbaycan atalar sözləri toplusudur. [Hüseynzadə Ə. Atalar sözü. Bakı-1965]
Əbülqasım Hüseynzadənin Azərbaycan folklorunun toplanması və nəşri sahəsində xidmətləri var. Sonrakı illərdə onun altı "Atalar sözü", "El sözləri", "Hikmətli sözlər", "Müdrik sözlər", "Müxtəsər rusca-azərbaycanca və azərbaycanca-rusca atalar sözü lüğəti", "Atalar sözü və zərb-məsəllər" və başqa kitabları çap edilmişdir. Hüseynzadənin kitabları rus və ukrayna dillərinə tərcümə olunmuşdur.
1981-ci ildə Azərbaycan folkloru sahəsində göstərdiyi xidmətə görə, Hüseynzadə "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. [Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı-1987]
Əbülqasım Hüseynzadə 2 sentyabr 1988-ci ildə Bakıda vəfat edib.