1960-cı illərdə şair Ənvər Əlibəyli Vasif Adıgözəlova Bakı haqqında bir şeir təqdim edir. Bu şeir həmkarı Rəsul Rzaya məxsus idi:
Qucağında Xəzərin yatıb dincələn Bakı.
Qarı, çiskin yağışı əyri, köndələn Bakı.
Hələ neçə küçəndə güllər dəstələnməyib.
Hələ neçə nəğmənin xalı bəstələnməyib.
Yüz il ömür sürəydim,
Bir gün xəstələnməyib.
Yazaydım, yaradaydım,
Şah nəğməni mən, Bakı.
Oxuyaydım hər yanda onu ürəkdən, Bakı.
Vasif Adıgözəlov həmin misraları oxuyur və bir gün içində Bakını vəsf edən əsərlərdən birini bəstələyir. Mahnı bəstəkar Tofiq Əhmədovun orkestri tərəfindən aranjiman edilir. Ənvər Əlibəylinin təşəbbüsü ilə əsər səsyazma studiyasında lentə alınır və ilk dəfə Rəsul Rzanın oğlu Anarın redaktor olduğu “Axşam görüşləri” verilişində səslənir. Mahnının ilk ifaçısı Nərminə Məmmədova olur.
Bəstəkar Vasif Adıgözəlov öz xatirələrində deyirdi: “Mahnını ifa edən kimi Rəsul çox sevindi…Onun ilk ifaçısı Nərminə Məmmədova olsa da, mahnı ilk dəfədən məşhur olmadı”. [https://musfige.blogspot.com/2022/03/butun-yollar-bakya-cxr.html]
1965-ci ildə Vasif Adıgözəlov İrana qastrol səfərinə yollanan ilk qrupa daxil olur. Buraya Şövkət Ələkbərova da daxil idi. Bu zaman mahnı onun ifasında lentə alınır. Şövkət xanımın ifası bəyənilir və mahnı məşhurluq qazanır.
Əsərə daha sonra Rəşid Behbudov müraciət edir və İrana qastrol səfəri zamanı mahnını səsləndirir. Həmin konsert ABŞ-nin Çikaqo radiosu tərəfindən lentə alınır. 2002-ci ildə sənətkarın fondu tərəfindən həmin konsertin lent yazıları əldə olunur və Behbudovun Bakıya həsr olunmuş bütün ifaları bir alboma daxil edilir. “Bakı” mahnısı sənətkarın ifasında ilk dəfə bu albomun təqdimatında Azərbaycanda dinləyicilərə təqdim edilir. [https://www.youtube.com/watch?v=TCkEFABvQL8]
Əsərə, həmçinin Fidan və Xuraman Qasımova bacıları, Aygün Bəylər, Rauf Adıgözəlov və digər sənətkarlar müraciət etmişlər.