Kiçik Venesiya Bakı şəhərinin Dənizkənarı Parkının ərazisində yerləşir.
1950-ci illərin ortalarında Bakı şəhərinin o zamankı meri Əliş Ləmbəranski İtaliyanın Venesiya şəhərinə səfər edir. Bu səfərdən sonra o, Bakıda Venesiyanın prototipini yaratmaq qərarına gəlir. Layihə uzun müddət nəzərdən keçirilir, lakin 1960-cı ildə Bulvar ərazisində kiçik bir istirahət parkı istifadəyə verilir. Şəhər sakinləri onu Kiçik və ya Bakı Venesiyası adlandırdılar.
Ətrafı söyüd ağacları ilə əhatə olunmuş, kiçik adaları və açıqşəkilli şəbəkəli körpüləri olan bu süni su hovuzu bakılılar və şəhərə gələnlər tərəfindən ən çox ziyarət edilən məkana çevrilmişdir. Bu parkın sayəsində Bakı Bulvarı Sovet İttifaqının ən gözəl bulvarı adlandırılmışdır. Bundan əlavə, Bakının bulvarı SSRİ-də belə parka malik ilk və yeganə bulvar idi.
Bakı Venesiyası gecəyə kimi işləyərdi, gecələr isə onun ərazisi işıqlandırılırdı. Məktəb məzunları, qoyulmuş ənənəyə uyğun olaraq “Venesiya”ya günəşi qarşılamağa gələrdilər.
1980-ci illərin ikinci yarısında Venesiyanın yenidən qurulmasına qərar verilmişdir. Şəbəkəli körpülər sökülərək daş körpülərlə əvəz olunmuş, onların altında kiçik tunellər tikilmişdir. Həmçinin burada nağıl qəhrəmanlarının heykəlləri quraşdırılmışdır. 2000-ci illərin əvvəllərində park yararsız vəziyyətə düşmüşdür. [https://azerhistory.com/?p=10610]
2011-ci ildə Bakı Venesiyasının yenidən qurulması ilə bağlı qərar qəbul edilir. Park 28 may 2012-ci ildə istifadəyə verilir. Əsaslı yenidənqurma işləri zamanı Venesiyanın ümumi görünüşü saxlanılsa da, mövcud kanallar genişləndirildi, yeni qayıqlar, əlavə körpülər istifadəyə verildi. “Kiçik Venesiya” indi bu parkın rəsmi adıdır. [https://president.az/az/articles/view/4982]
[URIS id=40320]