XX əsrin əvvəllərində sosial-demokrat fəhlə partiyasının inqilab və çar rejiminin devrilməsi üçün pula ehtiyacı var idi. Həmin vaxt marksizm nəzəriyyəçisi və partiyanın yaradıcısı Vladimir Lenin ətrafına ən sadiq silahdaşlarını, o cümlədən, “Koba”nı yığır.
“Koba”, Qayoz Nijeradze, Zaxar Melikyans ləqəbləri olan şəxs sovet dövründə “Stalin” kimi tanınan İosif Cuqaşvili idi. Həmin dövrdə o, banklara, poçt qatarlarına və neft mədəni sahiblərinə qarşı silahlı qarətlər həyata keçirib. Bir neçə il ərzində Stalinin quldur dəstəsi tərəfindən törədilən bütün qarətlərdə toplanan qənimətlərin ümumi məbləği 3 milyon rubla çatır. “Koba”nın kriminal fəaliyyətinin zirvəsi 1908-ci ildə “İmperator I Nikolay” paroxoduna etdiyi hücum sayılır. [https://oxu.az/society/309749]
1908-ci ilin yayında “İmperator I Nikolay” paroxodu Azərbaycan bankının zinət əşyaları ilə dolu seyflərini Nijniy Novqorod və Moskvaya daşımağa hazırlaşır. Gəmi limandan ayrılmağa hazırlaşdığı əsnada polis formasında olan bir qrup şəxs qatı cinayətkarların axtarışı bəhanəsi ilə göyərtəyə qalxır. Çox keçmədən “Silahları yerə qoyun, bu, basqındır” sədası ətrafa yayılır.
Bu basqında Stalinlə birgə “Kamo” adı ilə tanınmış erməni Simon Ter-Petrosyan və Avropada ən “peşəkar” seyf oğrusu kimi tanınan Əhməd iştirak edib. Quldurlar mühafizəçiləri kabinəyə salaraq, seyfi ələ keçiriblər. Əhməd onu açaraq, bir milyon iki min rubl pulu üzə çıxarır. Bu günün pulu ilə bu məbləğ təxminən 30 milyon dollar təşkil edir. Gəmi polislərlə mühasirəyə alınsa da, pulları toplayan basqınçılar qayığa atılaraq gözdən itiblər.
Bir müddət sonra Koba həbs olunur və 9 noyabr 1908-ci ildə polis müşayiəti altında Voloqodsk quberniyasına iki il müddətinə sürgün olunur. Ancaq bir müddətdən sonra - 24 iyun 1909-cu ildə sürgündən qaçır və artıq iyulda yenidən Bakıda peyda olur. [Лурье Л.А, Маляров Л.И. Лаврентий Берия. Кровавый прагматик. Санкт-Петербург-2015]