Sisianov skveri Bakıda, Fəvvarələr meydanının yanında, Nizami parkının yerləşdiyi ərazidə yerləşirdi. Skverin memarı Qasım bəy Hacıbababəyov olub.
Sisianov skveri, ruslar tərəfindən knyaz Pavel Sisianovun (1754-1806) şərəfinə adlandırılmışdır. Bakını ələ keçirmək istəyən Sisianov, 1806-cı ilin əvvəllərində Bakı xanı Hüseynqulunu qalanı ruslara təslim etməyə razı salmışdı. Bakının açarının Sisianova təqdim edilməsi mərasimində, xanın yaxın adamları atəş açaraq, Sisianovu öldürmüşdür.
1846-cı ildə Sisianovun öldürüldüyü yerdə, Qoşa qala qapısının yanında erməni Tomas Ayvazov adlı şəxsin hesabına, Sisianova abidə ucaldılmışdır. Abidənin qoyulmasının təşəbbüskarı isə Qafqaz qoşunlarının baş komandanı Mixail Semenoviç Vorontsov olub. [https://www.gumilev-center.ru/cicianovskijj-skver-ot-cvetushhego-sada-do-avtostoyanki/]
Abidə hündür sütun şəklində, pyedestal üstündə yerləşən bir obelisk idi. Onun üzərində xəncər və tapança həkk olunmuşdu. Bu rəmzlər Sisianovun ölümü ilə bağlı idi: o, əvvəl güllələnmiş, sonra da başı kəsilərək qalaya aparılmışdı. Sonralar bu abidənin ətrafında salınmış bağ da, Sisianov skveri adlandırılmışdır. [https://azerhistory.com/?p=5197]
Aybəniz Həsənovanın kitabından: “Sisianov skveri Bakının mərkəzi hissəsində, Bazarnaya küçəsinin ətəyində yerləşirdi. Şəhərin sıx küçələrindən olan bu küçədən yaşıl skverin və ətrafın gözəl mənzərəsi açılırdı. Yarım dairəvi daş pilləkən parkın və küçənin məkanını uğurla birləşdirdi. İstinad divarının üstündəki gözəl balyustrada (bəzəkli məhəccər), hovuzun güzgüsü və pilləkənlərin yanında yerləşən fəvvarə Sisianov skverinin ifadəli koloritini yaradırdı və yaşıllıqları ilə həmahəng idi”.
Abidənin yanında 1860-cı illərdə su anbarı inşa edilmişdir. Anbarın suyu Xan bulağından gəlirdi. Bu su yerli sakinlər tərəfindən istifadə olunurdu və ərazinin abadlaşdırılması üçün şərait yaradırdı. [Гасанова А. А. Сады и парки Азербайджана: история развития ландшафтной архитектуры. Баку-1996]
Sovet dövründə 1923-cü ildə abidə dağıdıldı. Vaxtilə Gəncəni zəbt edən və Nizami Gəncəvinin qəbrini dağıdan rus generalı Sisianovun abidəsinin yerində, 1949-cu ildə Nizaminin heykəli ucaldılmışdır. [https://azlogos.eu/bakinin-heyk%C9%99ll%C9%99rin%C9%99-virtual-tur/]
[URIS id=19753]