Məşhur Dadaşovlar sülaləsindən olan Hacı Hacıağa Dadaşov 1828-ci ildə Bakıda anadan olub.
Hacı Hacıağa başqa Bakı milyonçularından fərqli olaraq, neftlə deyil, dəniz ticarəti ilə məşğul olmaqla varlanıb. Onun Bakıda 40-dək mülkü və Xəzər dənizində çox sayda gəmiləri olub. Bütün Yaxın və Uzaq Şərq ölkələri ilə ticarət əlaqəsi vardı. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]
Bir dəfə Bakıdakı “Metropol” mehmanxanasını (indiki Nizami adına Ədəbiyyat Muzeyi) Tiflisdə hərraca qoyurlar. Hacı ora yollanır. Bədxahlar ondan soruşurlar: “Hacı, burada nə gəzirsən? Sən yumşaq rezin çarxlı faytona bir abbası verib minmirsən ki, bahadır, dəmir təkərli, köhnə faytonda gedirsən”. O da: “Tamaşaya gəlmişəm”,- deyə cavab verir. Hərracda mehmanxanaya 50000 manat qiymət elan edilir və yavaş-yavaş qalxır. Bu zaman Hacı qışqırır: “99000 manat!” Sonda Hacı mehmanxananı 99000 manata alır. Küçədə bədxahlar soruşur ki:
-Hacı, bu qədər pul haradan?
-Faytonlara vermədiyim şahılardan!
-Bəs niyə yüz min manat demədin?
-Axı min manatla beş min dəfə faytonda getmək olar.
[Манаф Сулейманов. Дни минувшие. Баку-1990]
1870-ci ildə Dumanın iclaslarının birində Dadaşov qocalar evinin açılması haqqında məsələ qaldırır. Azərbaycanda ilk dəfə qocalar evi tikdirən milyonçu məhz o idi. Hadisə belə baş verir: Bir dəfə uşaqları tərəfindən evindən qovulan qoca kişi Hacıdan sığınacaq istəyir. Bu hadisədən təsirlənən Hacı Bilgəhdəki mülkünü qocalar evinə çevirir. Pansionat bu günə kimi də fəaliyyət göstərir. 2000-ci ildən pansionatın yerləşdiyi küçə ağsaqqalların xahişi ilə Hacı Hacıaga Dadaşovun adını daşıyır. [https://www.youtube.com/watch?v=nNEkNF2baN0]
Dadaşov milyonçu Hacı Zeynalabdin Tağıyevlə dost olub, onun həyata keçirdiyi xeyriyyə işlərində iştirak edib, vəsait ayırıb. Onlardan biri də Bakıya Şollar su kəmərinin çəkilişi olub. 1888-ci ildə suyun çəkilməsi üçün təşkil edilən komissiyaya Hacıağa da daxil idi.
1876-cı ildə Azərbaycan tacirləri üçün birinci və ikinci tacirlik dərəcəsi təyin edildikdə bu rütbəni Bakıda ilk dəfə Hacıağa Dadaşov alıb. O, rus imperatoru III Aleksandrın tacqoyma mərasimində iştirak edib. Milyonçu çar tərəfindən mülki müşavir rütbəsinə layiq görülüb, uzun müddət Bakı Dumasının nümayəndəsi olub. [https://www.youtube.com/watch?v=keQHVb0Zhss]
Hacı Hacıağa Dadaşov 1905-ci ildə vəfat edib.