Bakının “Qonaq evi” və ya “Ulduz sarayı” Sonaxanım Vəlixan küçəsi, 5-də yerləşir. Binanın layihəsi memar Rasim Əliyev tərəfindən hazırlanıb. Saray 1979-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıya dövlət səviyyəsində gələn rəsmi qonaqların qəbulu və yerləşdirilməsi üçün tikilib.
SSRİ Xalq memarı Feliks Novikov 2010-cu ildə nəşr etdirdiyi “Sovet modernizmi 1955-1985” albomunda 100 ən yaxşı memarlıq obyekti sırasına həmin“Qonaq evi”ni daxil edib. [Новиков Ф., Белоголовский В. Советский модернизм:1955-1985]
Tikildikdən dərhal sonra bu saray haqqında şayiələr yayılır. Hətta binanı “Brejnevin evi” adlandırırdılar və baş katibin Bakıya səfəri üçün hazırlandığını deyirdilər. Lakin “Qonaq evi”nin tikintisinin səbəbi ABŞ Prezidenti Niksonun 1972-ci ildə SSRİ-yə gözlənilən səfəri idi. Səfərdən əvvəl Niksonun heyəti Bakıya gəlir. Onlar o vaxt mövcud olan, köhnə sovet standartları ilə tikilmiş iqamətgah və mehmanxanalarla tanış olur, ABŞ Prezidentinin qəbulu üçün Bakıda uyğun şəraitin olmadığı barədə rəy verirlər. Bu səbəbdən, sonradan Brejnev dövlət başçılarını qəbul etmək üçün yeni iqamətgah tikməyi tapşırır
Binanın memarı Rasim Əliyev bir neçə şəhərə səfər edir və oranın qonaq evləri ilə tanış olur. Layihə hazır olandan sonra dərhal tikinti işləri başlayır. Lakin maliyyə çatışmazlığından binanın bir mərtəbəsi ləğv edilir. İlkin layihəyə əsasən, ikinci mərtəbədə böyük kitabxana və musiqi salonu nəzərdə tutulmuşdu. [Буланова О. Дворец "Улдуз" - шедевр советской архитектуры. //Эхо.-2017.- 29 июля.- С.6.]
Binada rəsmi tədbirlər üçün zal, mətbəx və yeməkxana, istirahət zonası - kinozal, bilyard zalı, hovuz, sauna, mağara üslubunda bar-restoran yerləşdirilmişdir. Pəncərə şüşələri Belçikadan, çilçıraqlar Avstriya və İsveçrədən gətirilmişdir. Foyedə Azərbaycanın rəmzini - ağ və qara şanını əks etdirən üzüm salxımına bənzər çilçıraq qoyulmuşdur. Çilçırağın yarpaqları xüsusi büllurdan, üzümləri isə Venesiya şüşəsindən hazırlanmışdır. Divarlar mərmərdəndir və üzərində oyma naxışlar işlənilmişdir. “Qonaq evi”nin həyətində hovuz inşa edilmişdir və müxtəlif ağaclar - palıd, şam, sərv, narbənd ağacı əkilmişdir. [Расим Алиев. Воспоминания. Баку-2017]
Burada Finlandiyanın keçmiş Prezidenti Urxo Kekkonen və Britaniyanın yeganə qadın Baş naziri Marqaret Tetçer qalıblar.
1980-ci illərin sonunda Azərbaycanın o vaxtkı rəhbəri Vəzirov binanı şadlıq sarayının nəzdinə verib. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra binanın iqamətgah kimi fəaliyyəti bərpa edilib. 2003-cü ildə binaya “Ulduz sarayı” adı verilib.
[URIS id=84474]