1900-cü ildən başlayaraq mühəndis Məhəmməd Həsən Hacınskinin başçılığı ilə şəhərin sahil küçəsində bulvar salınmağa başlanmışdır. Bulvarın salınması ilə yanaşı, sahilin yaxınlığında dəniz hamamlarının tikilməsi qərara alındı.
Lakin o zaman şəhərin çirkab suları bu yerdən dənizə axıdıldığından hamamın tikilməsinə mane olurdu. Buna görə əvvəlcə çirkab suların boru ilə dənizin içərisinə doğru axıdılması məsələsi həll olundu. Sonra təmiz dəniz suyunun üzərində memar Nikolay Bayevin layihəsi əsasında taxtadan dəniz hamamları quraşdırıldı. İmperator II Aleksandrın adını daşıyan hamamların açılışı 22 iyun 1914-cü ildə baş tutdu.
Hamamlar lövbər formasına malik idi. Sahildən xeyli aralıda yerləşdiyindən hamamlara taxta körpü çəkilmişdi və üzərində oturacaqlar quraşdırılmışdı. Hamamlar qadın və kişi hissələrindən ibarət idi. [Эмиль Лев. Бакинские городские купальни. “İrs Наследие”.- 2009. No1 (37).- S. 40-41.]
Hamamların içərisindəki taxta döşəmələr üzərində təhlükəsiz çimmək olurdu. Üzməyi bacaranlar üçün taxta döşəmələr daha dərində döşənmişdi. Hamamlarda, həmçinin açıq dənizə aparan pilləkən və tramplin quraşdırılmışdı. Burada fərdi otaqlar da mövcud idi. Bundan əlavə, tikilinin damında solyariumlar yerləşirdi. Qışda hamamda xüsusi bölmə fəaliyyət göstərirdi və burada müalicəvi məqsədlərlə isidilmiş dəniz suyundan istifadə edilirdi. [Бакинские купальни — OurBaku]
1950-1960-cı illərdə Xəzər dənizinin səviyyəsinin kəskin aşağı düşməsi nəticəsində hamamlar yararsız vəziyyətə düşüb və sökülüb. [https://azerhistory.com/?p=16259]