1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. Ermənistanın işğalçılıq niyyəti və Birinci Qarabağ müharibəsi respublikada vəziyyəti daha da gərginləşdirirdi. Bu səbəblərdən 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
16 oktyabr 1992-ci ildə respublikanın 91 tanınmış ziyalısı (“91-lər”) Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı üçün müraciətə imza atmışdı. 9 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətə keçdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi.
Beləliklə, 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis, millət vəkillərinin təklifi ilə razılaşaraq, həmin günü rəsmi bayram elan etdi.