Məmməd Yusif Hacıbaba oğlu Cəfərov 14 (20) mart 1885-ci ildə Bakıda anadan olub. O, görkəmli pedaqoq, jurnalist Əli İsgəndər Cəfərzadənin kiçik qardaşıdır.
1907-ci ildə Bakıda kişi gimnaziyasını bitirən Cəfərov Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi Azərbaycan etnoqrafik konsert gecələrinin və Azərbaycan həmyerlilər təşkilatının əsas rəhbərlərindən biri idi. Cəfərov öz tələbə dostlarını bu təşkilatlarda elmə, biliyə yiyələnməklə yanaşı, xalqın azadlığı uğrunda mübarizədə birliyə çağırıb.
1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Cəfərov həmin il Peterburqda açılan IV Dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilib. O, Dumada kadet partiyasına qoşulub, çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid edib.
1917-ci ilin Rusiyada fevral-burjua inqilabından sonra Məmməd Yusif daxil olmaqla Dövlət dumasının 5 nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Komitədə sənaye və ticarət işlərinə rəhbərlik Cəfərova tapşırıldı. [Musa Qasımlı, Elmira Hüseynova. Azərbaycanın xarici işlər nazirləri. Bakı-2003]
28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunur və Cəfərov Xoyskinin təşkil etdiyi birinci kabinədə sənaye və ticarət naziri olur. O, birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxır, sonra isə Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra edir. Sonra o, Nazirlər Şurasının sədri Yusifbəylinin təşkil etdiyi kabinədə Xarici İşlər naziri təyin olunur. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasında onun xidmətləri var.
Cəfərov 1919-cu ilin oktyabrında Türk ədəmi-mərkəziyyət Partiyası Müsavatın sıralarına daxil olmuşdur. Həmin ilin dekabrında Yusifbəyli kabinəsi istefaya çıxdığı üçün o da tutduğu vəzifəni tərk etmişdir. Cəfərov 1920-ci ilin fevralında Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsinə seçilmişdir. Parlament sədri Ə.Topçubaşov Bakıda olmadığı üçün Cəfərov aprelin 27-nə qədər həmin vəzifəni icra etmişdir.
Sovet dövründə Cəfərov Azərbaycan pambıqçılıq trestində və Azərbaycan şərabçılıq trestində hüquq məsləhətçisi vəzifəsində işləyib. [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı-2014]
Məmməd Yusif Cəfərov 15 may 1938-ci ildə Bakıda vəfat edib və Şağan kəndində dəfn olunub. Bakıda Cəfərov qardaşlarının adını daşıyan küçə mövcuddur.