Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) 20 mart 1879-cu ildə İçərişəhərdə, dənizçi ailəsində anadan olub.
Kiçik yaşlarından, atası faciəvi şəkildə həlak olduqdan sonra gənc Hüseynqulu papaqçı, gəmidə yunqa, tikintilərdə palçıqdaşıyan, daşyonan işləmiş və su satmaqla məşğul olmuşdur.
Sarabski 1903-cü ildən həvəskar artistlərin təşkil etdiyi dram cəmiyyətlərinin işində iştirak etməyə başlayır. Burada o, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cahangir Zeynalov, Hüseyn Ərəblinski, daha sonra Üzeyir Hacıbəyov, Müslüm Maqomayev və Zülfüqar Hacıbəyovla tanış olur və onlarla dostluq etməyə başlayır. 1903-1908-ci illərdə o, dram tamaşalarında bir sıra rollarda çıxış edir. 1906-cı ildə Sarabski təşkil olunan “Nicat” maarif cəmiyyətinin işində uzun illər fəal iştirak edir. [Sarabski H. Bir aktyorun xatirələri. Bakı-1930]
Gözəl səsi olan aktyor 1908-ci ilin yanvarında tamaşaya qoyulmuş “Leyli və Məcnun” operasının ilk tamaşasında Məcnun rolunda çıxış edir. O vaxtdan başlayaraq Hüseynqulu Sarabski opera sənətinin ustadlarından biri kimi tanınmağa başlayır. O, Şeyx Sənan, Şah Abbas, Zöhrab, Kərəm, Aşıq Qərib, Şah İsmayıl, Mərcan bəy, Sərvər, tacir Əsgər kimi yadda qalmış obrazlar yaradır.
Bundan başqa, Sarabski rejissor kimi bir çox opera, operetta və dram tamaşalarına quruluş verir. Həmçinin o, keçmiş Dövlət Konservatoriyasında, A.Zeynallı adına Bakı musiqi məktəbində muğam sənətindən dərs deyir. Sarabski, eyni zamanda “Dağlar” və “Muğan” kimi məşhur mahnılar bəstələyib. Aktyor inqilabdan əvvəlki Bakının həyat və məişət tarixini əks etdirən “Köhnə Bakı” əsərinin müəllifidir.
Sarabski 1934-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü, 1938-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. O, Azərbaycan SSR Ali Sovetinin əfv komissiyasının üzvü idi. Sarabski dəfələrlə Azərbaycan SSR Ali Məhkəməsinin xalq iclasçısı seçilib.
O, ömrünün son illərində Respublika Xalq Yaradıcılığı Evinə rəhbərlik etmişdir.
[Azərbaycan Sovet Ensiklopediyası. VIII Cild. Bakı-1984]
Sarabski “Azərbaycan SSR Əməkdar artisti”, “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb, “Qırmızı Əmək Bayrağı”, “Qafqazın müdafiəsinə görə” kimi orden və medallarla təltif olunub.
Hüseynqulu Sarabski 16 fevral 1945-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.