Cəbrayıl Əlimuxtar oğlu Əzimov 7 may 1926-cı ildə Bakıda neftçi ailəsində anadan olub.
O, 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur və tələbə ikən kitablara illüstrasiyalar çəkir. 1947-ci ildən təhsilini Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun filmin təsvir-dekorasiya tərtibatı fakültəsində davam etdirir. Burada sovet kinosunun görkəmli rəssamları F.Boqorodski, Y.Pimenov və T.Şeqaldan dərs alır. [Джебраил Азимов. Баку-1959]
Bakıya qayıdandan sonra rəssam “Bakı” kinostudiyasında fəaliyyətə başlayır. O, kinostudiyada müxtəlif rejissorlarla, o cümlədən H.Seyidzadə, T.Tağızadə, L.Səfərov, Ə.Atakişiyev, K.Rüstəmbəyov, A.Babayev, M.Dadaşovla işləyir, 10-dan artıq bədii filmin quruluşçu rəssamı olur.
Əzimovun kinostudiyada ilk yaradıcılıq işi “Doğma xalqımıza” rəngli bədii-sənədli filmidir. Bu film üzərində dostu E.Rzaquliyevlə birgə çalışmışdır. Sonrakı illərdə quruluşçu rəssam “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Uzaq sahillərdə”, “Qəribə əhvalat”, “Leyli və Məcnun”, “Zəncirlənmiş adam”, “İnsan məskən salır”, “Qanun naminə” filmlərinə bədii tərtibat vermişdir. Bundan başqa, o, Türkmənistanda “Şahsənəm və Qərib” filminin (rejissor T.Sabirov) də quruluşçu rəssamı olmuşdur. [Aydın Kazımzadə. “Uzaq sahillərdə” “Qızmar günəş altında” yaşayan sənətkar. //Mədəniyyət.-2011.- 28 oktyabr.- S. 10.]
Əzimovun rəssam Məmməd Hüseynovla birgə bədii tərtibat verdiyi “Sehrli xalat” fantastik-macəra filmi (1964) uşaqlar üçün çəkilmiş ən baxımlı kino əsəridir. Onlar burada üç dövrün - keçmişin, bu günün və gələcəyin mühitini yaratmalı olmuşlar. Filmdə təsvir olunan Ay səhnəsi SSRİ-nin ən gözəl film səhnələrindən biri hesab olunurdu.
Rejissor Muxtar Dadaşovun ekranlaşdırdığı “Qanun naminə” (1968) kinopovesti Əzimovun son filmi olur.
Əzimov 1964-cü ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb.
Cəbrayıl Əzimov 1968-ci ildə faciəli şəkildə dünyasını dəyişib. [Savalan Fərəcov. Filmlərin bədii tərtibat ustası. Mədəniyyət.- 2015.- 13 may.- S. 13.]