Əzim Aslan oğlu Əzimzadə 7 may 1880-ci ildə Bakının Novxanı kəndində anadan olub. O, Azərbaycanın ilk peşəkar rəssamıdır.
Əzim Əzimzadə ibtidai təhsilini rus-tatar məktəbində almış, hələ məktəbdə oxuyarkən rəsmə həvəs göstərmişdir. O, milyonçu Ağabala Quliyevin dəyirmanında işləyərkən rus rəssam Vladimir Durovla tanış olmuşdur. Durov onun qabiliyyətlərini yüksək qiymətləndirmişdir və müəllimi olmağa razılaşmışdır. Əzim isə rəssama Şərqin qədim ənənələrini, Azərbaycan etnoqrafiyasını dərk etməyə kömək etmişdir. [Манаф Сулейманов. Дни минувшие. Баку-1990]
Əzim Əzimzadə rəssamlığa “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirməklə başlamışdır. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.
Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Bunların sırasında “Xoruz döyüşü”, “Qadın hamamı”, “Kukla teatrı” kimi əsərləri qeyd etmək olar. Çəkdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində isə müxtəlif sosial təbəqələrə məxsus qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi. [Əzim Əzimzadə 1880-1943. Bakı-2013]
Əzimzadə şair M.Ə.Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin də əsasını qoymuşdur.
1920-ci ildən Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə texnikumun direktoru olmuşdur. Əzim Əzimzadə 1940-cı ildə yaradılmış Rəssamlar İttifaqının ilk sədri idi.
Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunmuşdur. Bakıda keçirilən birinci sərgidə rəssamın 1200-dən çox əsəri nümayiş etdirilmişdir. [Əzim Əzimzadə-satirik qrafikanın əsasını qoyan rəssam/ Hürriyyət.- 2021.- 8-10 may]
Əzim Əzimzadə 15 iyun 1943-cü ildə Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn edilib.
Bakı Rəssamlıq Kolleci və küçələrdən biri onun adını daşıyır. Yaşadığı evdə (D.Əliyeva küçəsi 157) rəssamın ev muzeyi açılmışdır.