Əlağa Hacı Süleyman oğlu Həsənov 1871-ci ildə Bakıda anadan olub.
Əlağa mədrəsədə ərəb, fars dillərini öyrənir. O, təhsilini Bakı şəhər gimnaziyasında, sonra isə kommersiya məktəbində davam etdirir, burada rus dilini mükəmməl öyrənir. [Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları: maliyyə naziri Əliağa Həsənov. 525-ci qəzet.- 2018.- 4 dekabr.- S.8.]
Sonralar tacir kimi tanınan Həsənov Bakının ictimai həyatında fəal iştirak edib. O, “Nəşri-maarif” cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından iştirak edib. Cəmiyyətin əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. Bundan başqa, Həsənov şəhər Dumasının üzvü seçilib, Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında təşəbbüs göstərib. O, həmçinin Bakı konkasının direktoru vəzifəsində çalışıb. [https://www.baku.ru/enc-show.php?id=165131&cmm_id=276]
Həsənovun dövri mətbuatda, o cümlədən “Füyuzat” jurnalında məqalələri dərc edilib. Onun rus yazıçısı Lev Tolstoyla dostluq münasibətləri olub. Həsənov yazıçının “Tanrı, yoxsa mammona?” əsərini ərəb dilinə tərcümə edib.
AXC dövründə Həsənov F.X.Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinetində (26 dekabr 1918-14 mart 1919) maliyyə nazirinin müavini olmuşdur. 1918-ci il mart hadisələri zamanı şəhərdə qırğının qarşısını almağa çalışanlardan biri Əlağa Həsənov olmuşdu. O, qırğının son günü yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.
Əlağa Həsənov 1919-cu ildə dövlət müfəttişi vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Nazirlər Şurasının sədri N.Yusifbəylinin yaratdığı birinci hökumətdə o, maliyyə naziri vəzifəsini icra etmişdir. Həsənovun rəhbərliyi altında 30 sentyabr 1919-cu ildə Bakıda Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. 1919-cu ilin dekabrında N.Yusifbəylinin kabinəsi istefaya çıxdığı üçün Həsənov tutduğu vəzifəni tərk etdi, Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmağa başladı. [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild. Bakı-2005]
1919-1920-ci illərdə Əliağa Həsənovun təşəbbüsü ilə AXC-nin 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı.
Sovet dövründə Həsənov Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində çalışmağa davam edirdi. Lakin onun bütün mülkü müsadirə edilmişdi və ailəsi daim nəzarət altında idi. [Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları: maliyyə naziri Əliağa Həsənov. 525-ci qəzet.- 2018.- 4 dekabr.- S.8.]
Əlağa Həsənov 18 mart 1933-cü ildə Bakıda tif xəstəliyindən vəfat edib.