Rus şairi Vladimir Mayakovski Bakıya bir neçə dəfə səfər etmiş, onun yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatının inkişafına müəyyən təsir göstərmişdir. Mayakovskinin yaradıcılığını araşdıran tədqiqatçılar onun hətta Bakı haqqında böyük əsər yazmağa hazırlaşdığı barədə məlumat verirdilər. Lakin şairin 1930-cu ildə vəfatı bu fikri həyata keçirməyə mane oldu.
Mayakovski ilk dəfə Bakıda 1906-cı (1908) ildə, atasının ölümündən sonra olmuşdur. Bu səyahət zamanı onu neft fəvvarələri, quyuları, yerdən çıxan alovlar valeh etmişdir. O, bunu belə xatırlayırdı: “Hətta bir saat Bakıdan Dərbənd tərəfə gedəndə şəfəq görünürdü. Mədənlər həmişə alovlanırdı”. [Америка в Баку. Журнал «Огонек». Москва-1926]
1914-cü ildə artıq məşhur olan Mayakovski Bakıya futurist şairlər Burlyuk və Kamenski ilə birlikdə gəlmişdir. Bu səfərdən təsirlənən şair 1923-cü ildə “Bakı” şeirini yazmışdır. [https://moscow-baku.ru/news/culture/vladimir_mayakovskiy_lyublyu_ya_baku/ ]
1926-cı ildə Amerika və Avropa səfərindən qayıtmış Mayakovski yenidən Bakıya gəlir və burada bir həftə qalır. Onun Türk Dövlət Teatrının və Bakı Fəhlə Teatrının binalarında, “Rekord” kinoteatrında, Balaxanıda neftçilərin önündə çıxışları olub. Həmin səfər zamanı “Bakinskiy raboçi” qəzetində Mayakovskinin “Mən Nyu-Yorku sevirəm” oçerki və bir neçə şeirləri ilk dəfə çap olunub. [Мануйлов В.А. Из воспоминаний о Маяковском. Ленинград-1984]
Mayakovski Bakıda olduğu müddətdə neft mədənlərinin tikintisi ilə tanış olmuş və bu barədə “Amerika Bakıda” oçerkini yazmışdır. O, “Paytaxtın doğulması” oçerkində Bakı neft mədənlərinin mexanikləşdirilməsi, yeni texnika ilə təchiz olunması haqda bəhs etmişdir.
1927-ci ilin dekabrında Mayakovski yenidən Bakıya gəlir. Şair Süleyman Rüstəm bunu belə xatırlayırdı: “...O gözlənilmədən, heç kimə xəbər vermədən gəldi. O, Bakını doğma şəhər hesab edirdi və buraya öz evi kimi gəldiyini deyirdi…Yadımdadır ki, bu görüş məndə çox qəribə bir təsir oyatmışdı. Elə bil, mən birdən-birə ədəbiyyatla öz aramdakı məsafəni görmüşdüm, yazılarımın mahiyyətini dərk eləmişdim”.
1927-ci ildən sonra Mayakovski Bakıya səfər edə bilməsə də, şəhər ömrünün son günlərinə qədər şairin yaradıcılığında yer tutmaqda davam edib. Şair yazırdı: “Mən Bakını sevirəm. Onun heç vaxt unudulmayan bir xüsusiyyəti var”. [https://azerhistory.com/?p=13082]