Abşeron mayakı Bakının Pirallahı rayonunda, Gürgən qəsəbəsində, Pirallahı adası ilə üzbəüz yüksəklikdə, sərt qayalar üzərində yerləşir. 1859-cu ildə inşa edilən tikili Abşeronun ən qədim mayakı hesab edilir. Abidə “Zirə mayakı” kimi də tanınır.
Mayak 1860-cı ildə istifadəyə verilib. Bu tikili Abşeron yarımadası və Pirallahı adası arasındakı boğaza gəmilərin təhlükəsiz girişini təmin edib. 25 metr hündürlüyündə və beş mərtəbəyə malik olan tikili, həmçinin Abşeronun ən iri mayakı hesab edilir. [Описание маяков, башен и знаков Российской Империи по берегам Каспийского моря: исправленное по 1 января 1908 года. Санкт-Петербург - 1908] [https://ru.echo.az/?p=62909]
Mayak dairəvi formaya malikdir və daşdan inşa edilib. Abidənin tağ şəkilli iri qapısı, kiçik tağ formalı pəncərələri var. Qapı oyma naxışlarla işlənib. Qüllənin zirvəsinə daxildən 102 pilləyə malik dairəvi pilləkən aparır. [Аксентьева С.Т. Азербайджан.Апшерон // “Техника молодежи” №1 2011 С.42-45]
Əvvəllər mayak kerosin lampası ilə ətrafı işıqlandırırdı və işıq qısa məsafəyə yayılırdı. 1912-ci ildə kerosin lampası kerosin-kürə qurğusu ilə, 1956-cı ildə isə yüksək güclü elektrik lampası ilə əvəz edilmişdir. Mayakın işıq yayan şüşələri həmin dövrdə Fransadan gətirilmişdir. [https://ru.echo.az/?p=62909]
Mayakın yaxınlığında köhnə tikililər də var. Ehtimal edilir ki, burada vaxtilə mayakın işçiləri məskunlaşıblar.
2013-cü ildə “Azərmarka” şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 poçt markası təqdim edilmişdir. Markalardan birində Abşeron mayakı təsvir olunmuşdur.
[URIS id=74908]