6 iyul 1926-cı ildə Bakı-Sabunçu-Suraxanı elektrikləşdirilmiş dəmir yolu xətti istifadəyə verilmişdir. Bununla da SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. Müqayisə üçün: SSRİ-nin paytaxtı Moskvada ilk şəhərətrafı qatar yalnız 29 avqust 1929-cu ildə istifadəyə verilib.
Bakıda 1926-cı ilə qədər ümumi uzunluğu 18,6 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolu xətti fəaliyyət göstərirdi. 1924-cü ilə qədər xətdə 11 ədəd buxarla işləyən sərnişin qatarı var idi, onların yola düşməsi hər 1,5-2 saatdan bir baş verirdi. Sabunçudan Bakıya və geriyə yol 4-5 saat vaxt aparırdı və bu, əhalinin şəhərə gediş-gəlişini çətinləşdirirdi. 1924-cü ildə Bibiheybət İES-nin modernləşdirilməsindən sonra Bakı Şəhər Soveti həmin yolun elektrikləşdirilməsi layihəsini təklif etdi.
1926-cı ildə istismara verilmiş bu yol şəhəri Sabunçu qəsəbəsindəki neft mədənləri ilə birləşdirirdi. Həmin xətlə hərəkət edən qatarların ilk sərnişinləri isə o zamanlar Abşeronun neft rayonlarında çalışan işçilər idi.
O dövrdə Azərbaycanın elektrik qatarlarının istehsalı üçün öz bazası yox idi. İlk elektrikləşdirilmiş dəmir yolu üçün ilk vaqonlar Mıtişi vaqon zavodunda istehsal edimişdir. Elektrik avadanlıqlar Avstriyanın “Elin” şirkəti, əyləc avadanlığı isə Almaniyanın “Knorr” şirkəti tərəfindən hazırlanmışdır.
Həmin il elektrikləşdirilmiş Bakı-Sabunçu dəmir yolu sərnişinlərinə xidmət göstərməsi üçün həmçinin “Sabunçu vağzalı” (28 May metro stansiyasının sağ tərəfində yerləşən bina) inşa edilmişdir.
Mənbələr: