19 mart 1994-cü ildə saat 13:00-da Bakı metropoliteninin “20 Yanvar” stansiyasında partlayış baş vermişdir. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba, qatar stansiyada dayanarkən işə düşmüşdür. Bu terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub.
Məhkəmənin araşdırması nəticəsində sübut edilmişdir ki, terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı “Sadval” təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. Nəticədə 11 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan ikisinə ölüm hökmü verilmiş, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilmişdir. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölmüşdür.
Müəyyən olunmuşdur ki, “Sadval” separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, təlim-məşq bazasında terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyən olunmuşdur ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika sarayında (indiki Heydər Əliyev sarayı) və Bakı Lampa zavodunda da partlayışlar törətməyi planlaşdırırdılar.
Terror aktı nəticəsində həlak olan insanların adları 20 Yanvar metrostansiyasının divarına həkk olunaraq əbədiləşdirilib.