1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın təməlləri qoyuldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunmağa başlanıldı.
Ümummilli lider Heydər Əliyevin xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı, ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı artdı. Onun hakimiyyəti illərində “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.