Azərbaycanda üçrəngli Dövlət Bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Azərbaycan Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadə bu dövlətin üçrəngli bayrağının təsisçi və yaradıcılarından biri idi. 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Ömrünün sonuna kimi müstəqil vətəni uğrunda mübarizə aparan Məmməd Əmin Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərinin sonunda bu sözləri yazmışdır: “Bir kərə yüksələn bayraq bir daha enməz”. Onun bu ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. 5 fevral 1991-ci ildə isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsi haqda qərar vermişdir.
Hazırda Milli Azərbaycan Tarix Muzeyində Rəsulzadənin 1952-ci ildə 28 may ərəfəsində həyat yoldaşı ilə birlikdə hazırladığı üçrəngli bayraq qorunur. Deyilənə görə, bu bayraq həmişə onun üstündə olmuş, 1970-ci illərdə silahdaşı tərəfindən Azərbaycana gətirilmiş və müstəqillik dövründə muzeyə hədiyyə olunmuşdur.
17 noyabr 2009-cu ildə Prezident İlham Əliyev hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunacağı haqqında Sərəncam imzalamışdır.
Mənbələr: