Anatoliy Andreyeviç Banişevski 23 fevral 1946-cı ildə Bakıda, malakan ailəsində anadan olub.
Banişevskinin 9 yaşı olanda məhəllədə futbol oyunundan sonra bir kişi ona yaxınlaşıb Bakının “Lokomotiv” klubunun uşaq futbol məşqçisi olduğunu bildirərək, onu kluba dəvət edib. Banişevski 3 il orada oynayıb. O, 15 yaşında “Neftçi” (keçmiş “Neftyanik”) klubuna cəlb olunub və 1963-cü ildə komandanın əsas heyətində oynayıb, fasilələrlə 1978-ci ilə qədər burada çıxış edib. [https://ru.echo.az/?p=65467]
Futbolçu 19 yaşında SSRİ yığmasına dəvət alıb. Banişevski SSRİ yığmasının heyətində (1965-1968, 1971-1972) 51 oyunda 19 dəfə fərqlənib. O, komanda ilə birgə 1966-cı ildə İngiltərədə keçirilən FİFA Dünya Çempionatında bürünc medala, 1972-ci ildə keçirilən Avropa çempionatında gümüş medala layiq görülüb. [Yaqubov Ş. H. Banişevski olduğu kimi. Bakı-2002]
Anatoliy 21 noyabr 1965-ci ildə “Marakana” (Braziliya) stadionunda Braziliya komandasına 35-40 metrdən qol vurub. Marakanada vurulmuş bu topu sovet mətbuatı demək olar ki, diqqətdən kənar saxlayıb. Lakin FİFA prezidenti olmuş Joa Avelanj Banişevskinin bu qoluna heyran olduğunu bildirmiş, futbolçu Pele isə qoldan sonra Banişevskiyə yaxınlaşaraq, onu təbrik etmişdir. 2019-cu ildə futbolçunun forması “Marakana” muzeyinə hədiyyə edilmişdir. [https://report.az/ru/futbol/forma-banishevskogo-peredan-v-muzej-marakana-foto/]
Futbolçu karyerası ərzində SSRİ çempionatında, kubokunda və yığmasında 100-dən çox qol vurduğuna görə, “Qriqori Fedotov klubu”nun üzvü olub. [https://muallim.edu.az/www.old/arxiv/2010/46/48.htm]
O, peşəkar futbolçu karyerasını bitirdikdən sonra, 1981-ci ildə “Neftçi” klubunda məşqçi kimi çalışmağa başlayıb. Futbolçu 1984-1988-ci illərdə Burkina Faso (Qərbi Afrikada dövlət) yığmasının məşqçisi kimi karyerasını davam etdirib.
1990-cı illərdə Heydər Əliyev Banişevskiyə Volqa hədiyyə edib. Deyilənə görə, bir akademik ona: “Növbə mənim idi”,- deyərək bu qərara qəzəblənib. Heydər Əliyev isə ona belə cavab verib: “Bilirsən, biz Banişevskidən akademik eləyə bilərik, lakin akademikdən Banişevski alınmaz. O, yeganədir”. [https://ru.echo.az/?p=65467]
Anatoliy Banişevski 1996-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub, 2004-cü ildə UEFA versiyasına görə, Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib. [https://bakucity.preslib.az/ru/page/pJBmK7vGXo]
Anatoliy Banişevski 10 dekabr 1997-ci ildə vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.